Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

İdxalda 19,9, ixracda isə 12,7 faiz azalma olub

Azərbaycanın xarici ticarət dövriyyəsi 23,5 faiz azalıb. İdxalda azalma 19,9 faiz, ixracda isə 12,7 faiz olub.

Rəqəmlər ilin ilk iki ayına aiddir. Müqayisə isə ötən ilin eyni dövrünə görədir.

İlin ilk iki ayında Azərbaycandan 138 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Azərbaycandan 84 ölkəyə məhsul ixrac olunub, 134 ölkədən isə idxal edilib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, iki ay içində xarici ticarət dövriyyəsi 6428,2 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsinin 3981,6 milyon dollarını və ya 61,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 2446,6 milyon dollarını (38,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 1535,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Foto: Meydan TV

DSK bildirir ki, xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,6 faizi Türkiyə, 8,2 faizi Rusiya, 7,4 faizi İsrail, 6,7 faizi Çin, 5,5 faizi Hindistan, 3,0 faizi Tailand, 2,4 faizi Almaniya, 1,8 faizi Gürcüstan, 1,7 faizi ABŞ, hər biri 1,5 faiz olmaqla Bolqarıstan, Rumıniya və Portuqaliya, hər biri 1,3 faiz olmaqla Çexiya və Fransa, hər biri 1,2 faiz olmaqla Yunanıstan və Polşa, hər biri 1,1 faiz olmaqla İran və Tunis, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 37 faizini İtaliyaya, 13,3 faizini Türkiyəyə, 11,1 faizini İsrailə, 7,6 faizini Hindistana, 4,3 faizini Tailanda, 3,2 faizini Rusiyaya, 2,4 faizini Gürcüstana, hər biri 2,2 faiz olmaqla Bolqarıstan və Portuqaliyaya, 2,1 faizini Rumıniyaya, hər biri 1,7 faiz olmaqla Çexiya və Yunanıstana, 1,6 faizini Tunisə, hər biri 1,2 faiz olmaqla Polşa, Fransa və Almaniyaya, hər biri 1,1 faiz olmaqla İndoneziya və Xorvatiyaya, 0,9 faizini İspaniyaya, 2,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Oxşar statistik hesabatı Dövlət Gömrük Komitəsi ilin ilk üç ayı üçün açıqlayıb.
İqtisadçı Rövşən Ağayev deyir ki, xarici ticarət statistikasında diqqəti çəkən 2 vacib məqam var.
Onun sözlərinə görə, bu ilədək aylıq xarici ticarət bülletenində gömrük vergi və ödənişlərinin həm ümumi, həm də tədiyə növləri üzrə məbləği açıqlanırdı, lakin bu il həmin məlumatlar gözə dəymir:

“Komitə bu cür vacib məlumatın yığışdırılmasına niyə ehtiyac duyub, bəlkə açıqlayar”.

İqtisadçı bildirir ki, həmçinin əvvəlki ilin eyni dövrünə nisbətən qeyri-neft ixracatı 35 faizdən çox (240 mln. dollara yaxın) azalıb.

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Məlumatlardan aydın olur ki, azalma əsasən elektrik enerjisi ixracatının kəskin azalması ilə bağlı olub. Elektrik ixracatının həcmi dəyər ifadəsində 7 dəfə azalaraq 281 mln. dollardan 40,5 mln. dollara enib. Natural ifadədə azalma 3,5 dəfəyə yaxın olub (2,4 mlrd. kv/saatdan 718 mln. kv/saata). Ötən il elektrik ixracatının 85%-ə qədəri 2 ölkəyə – Gürcüstan və Türkiyəyə yönəlmişdi”.

Rövşən Ağayev deyir ki, bu ölkələr niyə birdən-birə Azərbaycandan elektrik alışını bu qədər kəskin azaltması da maraqlıdır:

“Yaxud ötən il nə baş vermişdi ki, elektrik idxalını kəskin artırmışdı?  Yəqin ki, bu sualın da rəsmi bir cavabı var. Onu da deyim ki, 1 kv/saat eletriki ixrac dəyəri də 2 dəfə ucuzlaşaraq 0,11 dollardan 0,056 dollara enib”.

Dövlət Gömrük Komitəsi
Foto: Meydan TV

Hesabatla bağlı Dövlət Gömrük Komitəsindən açıqlama almaq mümkün olmayıb.

İxracdan götürülən gəlirlərin azalmasına gəlincə, ötən ilin ilk rübündə ölkənin ixrac gəliri 7 milyard 741 milyon dollar olub. Bu ilin eyni dövründə isə rəqəm 5 milyard 984 milyon dollara enib. Deməli, ötən illə müqayisədə ilin ilk rübündə Azərbaycanın ixracdan əldə etdiyi vəsait 1 milyard 757 milyon dollar və ya 23 faiz azalıb.

İlk rübdə Azərbaycanın idxala xərclədiyi vəsaitin də həcmi azalıb, lakin bu, nisbətən daha az olub. Ötən ilin ilk rübündə idxala 4 milyard dollar xərclədiyi halda, bu il rəqəm 3 milyard 711 milyon dollar olub. İdxala xərclənən pullar ötən illə müqayisədə təxminən 300 milyon dollar və ya 8 faizə yaxın azalıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button