Əri tərəfindən döyülən qadın: “Sol gözüm çıxdı, müstəntiq işi düzgün aparmadı”

Yayımlandı: 23 Aprel 2024 16:07

Anastasiya Bektimirova aidiyyəti qurumlar və ictimaiyyətdən dəstək istəyib

Bakı sakini Anastasiya Bektimirova sosial mediada videomüraciət yayaraq Azərbaycanın məhkəmə sistemindən şikayətlənib.

Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Yalçın Bektimirov 2022-ci il dekabrın 2-də ona qarşı fiziki zorakılıq göstərib. Nəticədə Anastasiya Bektimirova sol gözünü itirib.

Zərərçəkənin sözlərinə görə, hüquq-mühafizə orqanları işi ədalətlə həll etmirlər:

“Məhkəmə sistemi tərəfindən demoralizasiyaya (müharibədə mənəviyyatı pozmaq məqsədi daşıyan psixoloji proses-red.) məruz qalmışam. 2022-ci ildə həyat yoldaşım Yalçın Bektimirov növbəti şiddətli dava zamanı məni döydü. Üzümə uşağımın yanında bir neçə zərbə endirdi. Zərbələr nəticəsində sol gözüm çıxdı. Təcili Tibbi Yardımla xəstəxanaya çatdırıldım, orada məni təcili əməliyyat etdilər. Əməliyyat ümumi narkoz altında iki saat davam etdi. Nəticədə sol gözümü tamamilə itirdim, yerinə protez qoyuldu. Beş gün xəstəxanada yatdım”.

Şikayətçi bildirib ki, ciddi xəsarət almasına baxmayaraq, ekspertiza düzgün rəy verməyib:

“Hadisə ilə əlaqədar dörd ekspertizadan keçdim. İki ekspertiza mənim iştirakım olmadan keçirilib. Birində isə ekspert görməyən gözümlə görüb-görmədiyimə dair məni ələ salan suallar verdi. Orqanın itirilməsi və üzümün pis hala qalmasına baxmayaraq, ekspertiza yüngül bədən xəsarəti olmasına dair rəy verdi. Bunu hadisə baş verməzdən öncə gözümdə qlaukomanın (gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik-red.) olması ilə əlaqələndirdilər”.

Vətəndaşın dediyinə görə, müstəntiq israrla orqanın itirilməsi və üzün pis hala qalması ilə əlaqədar müvafiq cinayət işinin açılmasını istəməyib:

“Məhkəmədə ittihamçı qarşı tərəfin dörd il azadlıqdan məhrum edilməsi tələbi ilə çıxış edib. Lakin Yasamal Rayon Məhkəməsi müstəntiqin və ekspertin qərarına söykənərək Yalçın Bektimirovu əzab vermə maddəsi ilə təqsirli bilib və ona iki il həbs cəzası təyin edib. Məhkəmə sağlamlığa dəyən zərərin ödənilməsi ilə bağlı iddiama baxmayıb. Mülki işlər üzrə məhkəməsi isə əmlak bölgüsü zamanı evi yarıbayarı bölüb. Cavabdeh şərti azadlığa buraxıla bilər. Hətta cinayət törətməsinə baxmayaraq, məhkəmə onu azad edəndən sonra həmin mənzilə yerləşə bilər. Bu da birbaşa mənim və uşaqlarım üçün təhlükə ola bilər”.

“Təkrar edirəm, məhkəmə onun eyni mənzilə yerləşdirilməsi haqqında qərar verib. Hansı ki bu evdə mən uşaqlarımla birgə yaşayıram. Hazırda həyatım aidiyyəti qurumlara müraciətlərlə keçir. Gücüm tükənir, dövlətin müdafiəsindən məhrum olmuşam. Çıxılmaz vəziyyətdə qalmışam. Mən ictimaiyyətə müraciət edərək bu məsələnin adekvat, ədalətlə həll edilməsini xahiş edirəm”, – deyə o bildirib.

2024-cü ildə Yalçın Bektimirov Yasamal Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinərək iki il azadlıqdan məhrum edilib.

Anastasiya Bektimirova bildirib ki, işlə bağlı apelyasiya məhkəməsi 2024-cü il aprelin 25-də keçiriləcək.

Meydan TV məsələ ilə əlaqədar Baş Prokurorluq və Ombudsmana sorğu göndərsə də, cavablandırılmayıb.

Daxili İşlər Nazirliyindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Anastasiya Bektimirova 2022-ci il dekabrın 2-də “102” Xidməti-Zəng Mərkəzinə və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciətlər edərək əri Yalçın Bektimirov tərəfindən döyülərək xəsarətlər almasını bildirib.

Müraciət əsasında təhqiqat araşdırması başlanılıb, müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə işgəncə verməklə törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Yalçın Bektimirov barəsində 2 il müddətinə həbs qətimkan tədbiri seçilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button